June 01, 2020
Texnoloji tərəqqi bəşəriyyətin gələcək inkişafının əsas xüsusiyyətlərindən biridir. Kəşməkəşli, çətin dövrlərdə gənclərimizə dəstək olmaq və kənd təsərrüfatı sahəsində zəruri İT həllərin tapılması məqsədilə "Binə Aqro" QSC növbəti aylar ərzində Smart Aqro Akseleratoru keçirəcək.
Bu barədə "Binə Aqro"nun Müşahidə Şurasının sədri İlham Nağıyev sosial şəbəkədəki hesabında xəbər verib.
Akseleratorun əsas məqsədi Azərbaycanı İT və kənd təsərrüfatının sintezi baxımından daha da inkişaf etdirmək, aqro və İT müəssisələrinin birgə işini təkmilləşdirmək, ölkəmizdə kənd təsərrüfatı sektorunun böyüməsinə və inkişafına kömək edəcək optimal və işlək İT həll və tətbiqlər hazırlamaqdır. Bu həllərin istər istixana, istərsə də açıq komplekslərdə tətbiqi nəzərdə tutulacaq.
Akselerator yaxın aylar ərzində işinə başlayacaqdır. Akseleratorun fəaliyyəti dövründə İT şirkətlər öz tətbiqlərini aqro komplekslərdə sınaqdan keçirmək imkanı əldə edəcək, mentorlar ilə görüşlər keçirəcək, aqrar sahədə təcrübə qazanmış şirkətlərin tələblərinə uyğun olacaq İT tətbiqlər üzərində çalışacaqlar. Akselerator pandemiya dövründə çətinliklər ilə üzləşmiş İT şirkətlərin və gənc proqramçıların dəstəklənməsinə yönəlib. Akseleratorun işində dövlət təmsilçilərinin və aqro şirkətlərin nümayəndələrinin yaxından iştirakı nəzərdə tutulub.